Aşağıdakı yazıların müəllifi: Şair
Siyasət əlindən qaça bilmirəm!
Siyasət əlindən qaça bilmirəm,
Muğanda siyasət, Mildə siyasət.
Biznesmen biryeli siyasət satır,
Hambal da gəzdirir beldə siyasət.
Siyasi doğulan ölür siyasi,
Gedənlər təzədən gəlir siyasi.
Gözəl də üzümə gülür siyasi,
Dodaqda siyasət, dildə siyasət.
Yollar məndən keçir sənin yanına.
Üzdüm ayağımı yollardan daha,
Yenə yarıyolda qırıldı yollar.
Sevgi yollarında izimiz qaldı,
İzlərin boynuna sarıldı yollar.
Mənsiz də yaşaya bildin birtəhər,
Mənsiz də qapını döydü sözlərim.
Arxamca bir ovuc söz də tulladın,
Gəlib ürəyimə dəydi sözlərin.
Mənə, yox de!
Mən yanıb-yaxılmaq istəyirəm.
Mənə, yox de,
Səninçün yox olmaq istəyirəm.
Mənə, yox de, çiçəyim,
Qovla məni, deyirəm,
Elə sizin küçədə yıxılmaq istəyirəm.
At məni,
Əllərindən dağılmaq istəyirəm.
At məni,
Sinən üstə dağ olmaq istəyirəm.
At məni, at, çiçəyim,
Öldür məni, deyirəm.
Yenə həsrətin üçün doğulmaq istəyirəm.
Başı daşlı!
Day bir də yazılmaz dəftər başı daşlı,
Ölsün qoy acından Səftər başı daşlı.
Həm Heydərə yazdım, həm Qəmbərə yazdım,
Heydər kimi susmur Qəmbər başı daşlı.
Deputat Kərim axır şişdi, yoğun oldu,
Boynun necə kəssin xəncər başı daşlı?!
Tapa bilmədim..
Dözüb bu ağrıya sənə, dost,dedim,
Ara bir üzünü görməkdən ötrü.
Səninçün bir dəftər şeir yazmışam,
Bir daha yanına gəlməkdən ötrü.
Ayrılıq əlində sınama məni,
Üzünü görəndə dərd gedir,ay dost.
Bu ki,dostluq deyil, qınama məni,
Bu başdan-ayağa sevgidir, ay dost.
DİRSƏK!
Salmış məni, ey əhli-müsəlman, ələ dirsək,
Artıq yaradıb yoxsa ki, Allah ələ, dirsək?!
Gördüm bir evim var yuxuda xaneyi-abad,
Şükr eylədim Allaha o dəm mən evi bərbad.
Opbandım elə daxil olam mülkümə, heyhad,
Çıxdı otağın pəncərəsindən çölə dirsək.
Hüseynin görüşündə.
Səni salama gəlmişəm, yetişdi xoş məqam, Hüseyn,
Əcəb məqama gəlmişəm salam Hüseyn, salam Hüseyn.
Ölüncə saxlaram, Ağa,məhərrəmin əzasını,
Mən hicrin ilə çəkmişəm günahımın cəzasını.
Gələndə almışam Ağam Əbəlfəzin rizasını,
Olub bu eşqidən dilim rəvaneyi-kəlam, Hüseyn.
Toffiqi forması (satira)
Dərdimiz, Mirzə, bizim, eyniləşibdir deyəsən,
Dərdi-qəm məndə budu, fikri-məlal səndə budu.
Gizləyib neyləyəsən, gizləməyib neyləyəsən,
Gizləyirsən də budu, gizləməyirsən də budu.
Yoxluğuna..
Hisslərimi oğurlayıb əlimdən,
Varlığımı yoxluğuna götürdün.
Bir qurtumluq sevgi umdum bu gecə,
Yoxluğunu varlığıma gətirdin.
Düşünmə ki, bu dünya da varam mən,
Varlığımda yoxa çıxıb itmişəm.
Varlığını arzulardım dünyada,
Heç olmasa yoxluğuna yetmişəm.
Heç kimə…
Ömür keçdi ağla ona, yan ona,
Oddan başqa nə qalır ki, yanana…
Hara getsəm qayıdıram yanına,
Mənim axı səndən başqa kimim var?!
Ən uzaqsan,ən yaxınsan mənə sən,
Sənə qədər, səndən sonra-yenə,sən.
Yanımda da, arzumda da elə sən,
Mənim axı səndən başqa kimim var?!
Tofiq olaram səninçün.
Nə Məcnun olaram, nə də ki, Fərhad,
Nə yara bilərəm bir dağ səninçün.
Nə nalə olaram, nə də ki,fəryad,
Danışar sevgimdən varaq səninçün.
Amandır üzünə dəyməsin üzüm,
Çiçək qız,mən sənə nə çiçək üzüm?!.
Sənə bülbül olsam susaram özüm,
Oxuyar qonduğum budaq səninçün.
..məni yoxluğunda.
Varlığında solub qaldım,
Bitir məni yoxluğunda.
Varlığından ilim-ilim,
İtir məni yoxluğunda.
Həsrətindən salla məni,
Saxlama bu halla məni.
Yoxluğuna tulla məni,
Götür məni yoxluğunda.
Qapaz!
Dəyir hey başımıza, vermədən heç arə,qapaz,
Ki, edə biz kimi biçarələrə çarə qapaz.
Bakıda Rozalar iş tapdı, Xəlillər qaldı,
Metro ağzında neçə cannı zəlillər qaldı.
Qarabağ getdisə, fikr etmə əlillər qaldı,
Qolu yoxdur, qıçı yox vur belə bimarə qapaz.
Üstündədir…
Döndü zamanın üzü-qarğa dağ üstündədir,
Qonduğu yer qartalın tir budaq üstündədir.
Gülşənə bayquş gəlir gül qoparır yarpağın,
Bülbülü viranədə, fikri bağ üstündədir.
Saldı!..
Boş baş yenə cədvəldə adın başlığa saldı,
Boş baş elə başdan özünü boşluğa saldı.
Xalq da başı daşlı belə məcburi gedişnən,
Nikbin gələcək yollarını daşlığa saldı.
Apar..
Üzlüş bu qanlı sevdadan,
Ürəyimi yaxıb apar.
Birazca topla gücünü,
Məhəbbəti yıxıb apar.
Qalsan yolun dağ olacaq,
Sevgim sənə dağ olacaq.
Zülfün yerə dağılacaq,
Zülfünü də yığıb apar.
Getdi ! ! !
Sallanmağa xol tapdıq,
Əldən ki, budaq getdi.
Gizlənməyə kol tapdıq,
Ev getdi, ocaq getdi.
Hökm altda büzüşdük biz,
Əldən-ələ düşdük biz.
Hər yolda sürüşdük biz,
Qıç getdi, balaq getdi.
Hamımız eyni gündəyik…
Rahat ürəkdən olmusan-sağlam ürəkdən olmuşam,
Sən də çörəkdən olmusan, mən də çörəkdən olmuşam.
Gündə mənim günümdəsən-gündə sənin günündəyəm,
Sən də mənim günümdəsən, mən də sənin günündəyəm.
Ay, sevgilim Ay!
Gəlişini gözləmişəm hər gecə,
Bu gecə də görüşümə gəl, Ayım.
Baxışımla sürmələyim gözünü,
Öpüşümlə dodağını boyayım.
Bu gecə də pəncərədən gələrsən,
Kimsə görməz məni salsan qoynuna.
Qollarını işiq kimi uzadıb-
İşiğını dolayarsan boynuma.
Hələ ki, şeirini bitirməmişəm…
Dedim bir şeirlə bitər bu sevgi,
Son sözə gətirə bilmədim səni.
Əl etdin, qəlbimə götürüb getdim,
Qəlbimdən götürə bilmədim səni.
Mələk tək şəklini göylərə çəkdim,
Gözümün yuxusu ərşə çəkildi.
Sənə dək çoxuna mələk demişdim,
Yox olub çoxusu ərşə çəkildi.
Dözərəmmi görəsən?..
Dəftərimə toxunmasan küsərəm,
Varaqlasan dözərəmmi görəsən?
Sözlərimi yollarına düzərəm-
Ayaqlasan dözərəmmi görəsən?
Kim ağlasın baxtımıza-ayrıyıq?..
Görüşmədən düşən bu nə ayrılıq…
Mən ağlasam, dözər buna ayrılıq,
Sən ağlasan dözərəmmi görəsən?
Hərə bir cür söz oynadır
Getmişik qış yuxusuna,
Yuxumuzu yozan kimdi…
Bu dünyanın gerçək üzün,
Oxuyan kim, yazan kimdi…
Əyri baxan düz aynadır,
Əksim mənə göz oynadır.
Hərə bir cür söz oynadır,
Qopuz bilmir ozan kimdi.
Mən də çıxılıram vətənim kimi…
Yarıya bilmədim bu yarılardan,
Hər şeyim həyatda yarımçıq oldu.
Sən də ürəyimdən çıxıb gedəndən,
Elə bil canımdan yarım çıxıldı.
Yox imiş sevgidə sədaqətimiz,
Övlad kərəkmiydi vətənə biz tək?!.
Təkcə belə olduq vətənə sadiq;
Yarıya bölündük vətənimiz tək.
Heç vaxt şeir yazmadığım bir xanıma…
Qapına gəldim ki,qovasan məni,
Bəlkə bu sevgidən baş alıb gedəm…
Həsrətə qəlbimdə yer eyləməyə,
Biraz ürəyimi boşaldıb gedəm.
Gördü məhəbbətdən uzaq düşmüşəm,
Bu sevgi uzaqdan səslədi məni.
Gedim ki,saraldıb-soldursun biraz,
Sarışın saçının həsrəti məni.
Gəlmişəm…
Mən sənin yaz ömrünə,
Qış olmağa gəlmişəm.
Biraz da gözün üstə,
Qaş olmağa gəlmişəm.
Baxt gülməsin bircə gün,
Qismət yolsun birçəyin.
Eşqinə bir çiçəyin,
Qoş olmağa gəlmişəm.
Şairin tanıyır bu xalq özünün.
Əlimdən qələmi qırıb saldılar,
“özünü bir qədər yığışdır”-deyib.
Sözümü özümdə qərib saldılar,
Bu da bu yoldaki yağışdır-deyib.
Çəkdilər qabağa yaltağın birin,
Adıyla verdilər gözaydınlığı.
Amma ŞEİR yazan əsil ŞAİRİN,
Sandığa yük oldu söz aydınlığı.
Ona,əhsən,dedi özükimilər,
Nə etmək,kasıbın budu olanı…
Amma acmayıblar yekə əmilər,
Yalannan təpirlər gözə yalanı.
Meydanda ona bir at da verdilər;
Yüyənin özgədən oğurla-deyib.
At üstə hələ bir ad da verdilər,
Qal bu ilhamınla,ağırla-deyib.
Nə yüyən özünün,nə at özünün,
Utanıb düşsənə xalqın atından.
Şairin tanıyır bu xalq özünün,
Kim sənə ad verir xalqın adından?!.
Bu dərd sağalmayan söz yaramızdır,
Özündən çıxarır bu dərd adamı.
Şair arsız olmaz,öz aramızdı,
Nə söz adamısan,nə dərd adamı.
Ay günün adamı,dilə gəlirsən,
Sənnən də keçəcək ömürdən keçən…
Sən özün min ildir yaxşı bilirsən,
Bu xalq öz şairin özüdür seçən.
Əyyami-Fatimə
Ananın pak misali Anamız Fatimədir,
Ən ləyaqətli,həyali Anamız Fatimədir.
Ana öz qayğı şəfasıyla verər ehsanını,
Az olar bu-ayağı altına qoysan canını.
Gəl xanımlıqda təcəssüm,O Xanımlar Xanımı,
Anamızdan da şəfali Anamız Fatimədir.
Bir şeirlik sevgi
Mənim bu sevgidən getməyim gəlir,
Göndər gətirdiyin baxışla məni.
Qayıtsam bilirəm bağışlayarsan,
Əyər qayıtmasam bağışla məni.
Yuxusuz ürəyim sənə yatmadı,
Dar gəldi bu geniş qəlbim də sənə.
Qəlbimi boşaltdım səninçün,amma,
Yer tapa bilmədim qəlbimdə sənə…
Söz yığını…
Bizim elin öz alveri,
Ən ucuzu söz alveri…
Məmurluqdu qız alveri,
Narkotika rəislikdi…
Sənə alverdən dərs desin;
Yaralı müdir dəstəsi…
Hamısı rüşvət xəstəsi,
Bu da bir növ mərizlikdi…
Kişinin…
Kişilər, söyləyim əhvalatını ər kişinin,
Yəni ki, Azərbaycanlı olan nər kişinin.
Halına özgələri yandı, özü kam aldı,
“Doxsan üç”dən belə hər arzuya nakam qaldı.
Dilənir bir sırası, bir sırası hambaldı,
Ödəmir qarnını alnından axan tər kişinin
Şübhəsiz Azərbaycanlı Kələntər kişinin.
Siyasi yuxu
Gördüm, ay qonşu, gecə dövranı taraz yuxuda,
Xeyir olsun, desən, inşalla şər olmaz yuxuda.
Görürəm ki, yuxuda qaz verilir pay, qonşu!
Hətta neftdən verilir pay bizə hər ay, qonşu!
Kridit borclarını bağladılar, ay qonşu!
Pulu cağ-cağ kişimə eyləyirəm naz yuxuda.
Papaq
Başımız üstə əsrlər boyu şelləndi papaq,
Bərk yapışmışdıq, “otuz yeddi”də yelləndi papaq.
Bəxt açılsın deyə, ta tərsinə çöndərdik onu,
Aclıq oldu yedik, axırda qan əndərdik onu.
Kommunistin araba çarxına döndərdik onu,
Yetmiş il partblet eşqiylə diyirləndi papaq.
Anamın 81 yaşı…
Əli tutan aldı qələm,
Hüzurunda laldı qələm.
Yazmaq olmur sənə şeir,
Hər yazılan şeir deyil.
Ay həyatda ilk tanışım,
Bu sevgidən nə danışım?!..
Görüm belə baxtı… Vətən!
Qonaqların kabab kimi,
Ətimizi tıxdı, vətən!
Bizi fələk də yıxmazdı,
Kommunalın yıxdı, vətən!
Yaşadıqca itin ömrün,
Sümürüldü tütün ömrüm.
Banklarında bütün ömrüm,
Kriditə çıxdı,vətən!
Anamdan da doğmam, Vətən!
Yazıq anam Azərbaycan.
Yalqız anam Azərbaycan.
Bu dünyaya göz açsam da qucağında,
Bir doyunca isimnədim ocağında.
Sən ey, satqın övladına
şərab kimi içilənin
Övladını böyütdükcə kiçilənim.
Sarayları işğal olan daxmam mənim.
Anamdan da doğmam mənim.
İşlər Baş-ayaqdır
Işlər baş-ayaqdır hələ,rəhmətliyin oğlu!
Çimdik nə kar eylər kələ, rəhmətliyin oğlu?!
Şallaqla bular pöhrələnib mərtəbələnmiş,
Cəmdəkləri gündən-günə şişmiş, təpələnmiş.
Vicdanları paytaxt şəhərində səpələnmiş,
Aburları getmiş yelə, rəhmətliyin oğlu!
Qələmi ağlamaq tutur…
Müsəlman “hello” deyəndə,
“Salam”ı ağlamaq tutur.
Adını “faiz” qoyanda,
“Sələm”i ağlamaq tutur.
Əczaxana “yod” buraxır,
Əl altından xod buraxır.
Dərmanlar da mod buraxır,
“Vərəm”i ağlamaq tutur.
Sən də mənim ölkəmin birinci xanımısan…
Deməsəm də bu sevən könlümün şahı sənsən,
Deyirəm ki, könlümü sənə qəsr eləmişəm.
Sevgimin həm dünəni, həm də sabahı sənsən,
Bütün sevgilərimi sənə həsr eləmişəm.
Həddi də aşmamışıq həddsiz sevgimizlə, biz,
Ayla küsülü qalıb,günlə dalaşmamışıq.
Yaman uyğun gəlirik dəli sevgimizlə biz,
Sevgimiz qoşa gəzir, biz qoşalaşmamışıq.
Hüseynin…
Sönməz əbədi yandırılan şamı Hüseynin,
Vəhtət şərabıyla doludur camı Hüseynin.
Çək başa bu vəhtət şərabın aşiqi-eşq ol,
Qəlbində bütün esq ilə ol ramı Hüseynin.
Həm haqqa fəda oldu bütün əhli-əyali,
Həm Əsgəri,həm Əkbəri-nakamı Hüseynin.
Tofiqəm!
Mən sözü sahmanla quran Tofiqəm,
Mən sözüm üstündə duran Tofiqəm.
Azərbaycana səda eyləyən,
Çox “bəyi”bir sözlə gəda eyləyən.
Xalqa arıq canı fəda eyləyən,
Şax qulağı tərsə buran Tofiqəm.
Səni sevənəcən tənha deyildim…
Uzun saçlarına əlim çatmayır,
O qədər kiçilib xırdalanmışam.
Ürəyim bulanır, başım hərlənir,
Deyəsən başına çox dolanmışam.
Sussaq-bəlkə özü səadət dinə;
Bu eşqin baxtı nə, səadəti nə…
Mən sənin baxtına, səadətinə,
Qara ləkə salan ağ yalanmışam.
Qaloş…
Bağrımı qan elədi sevgili yarın qaloşu,
Qəlbi viran elədi nazlı nigarın qaloşu.
Qaloşun geydi ki,əğyar ona meyl eyləməsin,
Yenə tufan elədi könlü qübarın qaloşu.
Ona ərz eyləmiş idim belinə şal bağla;
Gülü al qan elədi baxçada xarın qaloşu.
“Adam içində”…
Görsəndim “Adam içində”,
Zöhrə çıxdı həmdəm mənə.
Mehribanı naz eylədi,
Yol göstərdi Şəbnəm mənə.
İçimdən elə çağladım;
Lətifəni də bağladım.
Deməyin niyə ağladım,
Üz vermişdi matəm mənə.
Əyər gözlərimin içindəsənsə…
Yığışıb gözümün içinə köçdün,
Gözümə bir daha girən olmasın.
Sərirəm üstünə kipriklərimi,
Səni gözlərimdə görən olmasın.
Gözümün ağında yuxulayırsan,
Gözümün qarası sənə balıncdı.
Üstünə sərdiyim kipriklərim də,
Yuxumu kəsməyə neçə qılıncdı.
Bir zaman sallanıb profilimdən,
Nə status yazsam “Like” edərdin.
Adımı hansı bir qurupda görsən,
Qoşulub, ardımca ora gedərdin.
Bir qız dostluğuma ala bilməzdim,
Bütün interneti qatardın mənə.
Gecələr yatmayıb, girib YouTube – dan,
Sevgi mahnıları atardın mənə.
Sənin həyatına xatirə yazdım!
Səni bir nəfəslik içimə aldım,
Qaytara bilmədim boşuna səni.
Yerini düzəldib yuxarı başda,
Çəkdim ürəyimin başına səni.
Səni bir yuxuluq gözümə yığdım,
Bir dəfə yuxumda neyçin olmadın?!
Bu necə yuxuydu,nə görə bildim,
Nə yoza bilmədim,nə,çin olmadı…
Deyilməyən təbrik…
Borcum ödənilməz bir şeir ilə,
Köynəyimi yuyan əlinə qurban.
Şərəfsiz dünyada şərəflə keçən,
Ömrünün qırx yeddi ilinə qurban.
Qızlar gəzmək üçün çölə çıxanda,
Evdə sənin işin ibadət olub.
Yüz şeir sevgidən yazmışıq,amma,
Bacıdan bir şeir qəbahət olub…
Internetdə…
Hacı, oğlum itiribdir başı internetdə,
Dolaşır dostu, yarı, yoldaşı internetdə.
Gəzişib odnoklasnikdə tapır zemaları,
Oxuyur gah facebookda qəliz temaları.
Səsləyir dostluğa gey Seva, trans Emaları,
Tapıb öz doğmaların bu, naşı internetdə.
Bağışla dostunun xəyanətini
Yolumu sevgidən dostluğa saldın,
Qalmadı dostluğa rəğbətim daha.
Sevgin isidərsə bir özgəsini,
Məni də isidər həsrətin daha.
Dilin söyləyəndə xətrin əzizdir,
Ürəyin, “sevirəm” deyirdi axı…
Neyləyək o günkü öpüşləri bəs,
Onlar dost öpüşü deyildi axı…
Köhnə bayramın təzə havası
Dodaqların paxlavadır,
Yanaqların şəkərbura.
Gəlib papaq atsam sizə,
Yığ içinə göndər bura.
Gəl bu gün oda, havaya,
Suya, torpağa and içək.
Həsrəti tonqal qalayıb,
Atılıb üstündən keçək.