Yazıq anam Azərbaycan.
Yalqız anam Azərbaycan.
Bu dünyaya göz açsam da qucağında,
Bir doyunca isimnədim ocağında.
Sən ey, satqın övladına
şərab kimi içilənin
Övladını böyütdükcə kiçilənim.
Sarayları işğal olan daxmam mənim.
Anamdan da doğmam mənim.
Gözəl anam, məgər ki, sən,
Öz ömrünü bitirmisən –
Natavanın Şuşa boyda namusunu itirmisən?!.
Nənən ölsün…
Baban ölsün…
Görüm sənin mən adında balan ölsün!
Hanı səni “Böyük Dövlət” sanmışların?!
Hanı sənin o qılıncı sınmışların?!
Gülü solan, yurdu talan anam mənim!
Anamdan da doğma olan anam mənim!
Yazıq anam!
Yalqız anam!
Buz bağlamış sevgimizdə donan anam.
Oğulları sınan anam.
Sınana “can balam” deyib,yanan anam…
Başı daşlım.
Haylayanda harayına yetmədiyim,
Döyüşünə getmədiyim,
Qoca anam, yaşlı anam,
Mənim gözü yaşlı anam.
Öz evində qərib anam.
Söz evinə qərib anam.
Igid-igid oğulları ölənim vay!..
Sərvətini yadlar ilə bölənim vay!..
Yurdu talan anam lay-lay…
Məğlub olan anam lay-lay…
Ləkələndi qızlarının təmiz adı
Oğulların “qeyrət” deyib, sızıldadı…
Anam, sənə qaytarmadım oğul haqqı
Şah Ismayıl Xətainin goru haqqı!!!
Ay, ürəyi şişənim vay!
Al yaylığı ayaq altda düşənim vay!
Ay, bölünmüş para anam!
Ay, yaylığı qara anam!
Qaxınc oldu səni sevmək…
Qorxunc oldu səni sevmək…
Bu nə əzab,
Bu nə zülüm?!.
Icazə ver ayaqların altda ölüm!
Ay, yağıyla əliyalın döyüşənim!
Ay, tarixi hər şahlıqda dəyişənim!..
Məğlub anam…
Məyus anam…
Kaş bu şeiri yazmayaydım
Sinəm altda daş olaydı sözüm mənim.
Bu gününü görməyəydim
Kor olaydı gözüm mənim.
Səni odlar qucağında Yaradana qurban olum!
Sinən üstə əlli milyon yarana da qurban olum!
Sən ey, mənə sözdən şirin.
Həsrətini qismət bilsəm,
Həsrət könül yaram olsun!
Bu günündə bir gözələ könül versəm,
Sevgi mənə haram olsun!..
Qəm eləmə, əziz anam!
Ey, vicdanı təmiz anam!
Vaxt gələcək,
Illər sənin yaşın üstə sayılacaq.
Sənə oğul sayılacaq,
Mürgüləyən igidlərin yuxusundan ayılacaq!
Al qırmızı qanı ilə,
Suvaracaq torpağında hər tikanı!
Bir gün sənə qaytaracaq,
Paralanmış hər tikəni!..
Mənim doğma məmləkətim!
Dönməyibdir ürəyimiz daşa, VƏTƏN!
Mən hazıram uğrunda ölmək üçün-
Yaşa, VƏTƏN!..
Ey, dünyada ən dəyərli dəyər VƏTƏN!
Uğrunda bircə nəfər ölən varsa,
Yaşamağa dəyər, VƏTƏN!
Yaşamağa dəyər, VƏTƏN!..