Gedəndə yaxanda apardın məni-
Boylanıb arxanca baxa bilməyim.
Bağladın qəlbinin düymələrini,
Kimsə girməsin ki,çıxa bilməyim.
Ətir gətirmədim,gül gətirmədim,
Küsdün neçə kərə hədiyyə üstə.
Deyə bilmədim ki,xəcalətimdən;
Məndən Qarabağı hədiyyə istə.
Doğula bilmədik eyni şəhərdə,
Həsrət yuxusundan heç ayılmadıq.
Biz ki,bir Millətin övladı idik,
İldə bircə kərə həmrəy olmadıq.
Biz bütöv olmadıq bu vətən kimi,
Ayıran nə qədər cəhət var bizi.
Şükür ki,axırda ayrıla bildik,
İndi birləşdirən həsrət var bizi.