Kişinin…

Kişilər, söyləyim əhvalatını ər kişinin,
Yəni ki, Azərbaycanlı olan nər kişinin.

Halına özgələri yandı, özü kam aldı,
“Doxsan üç”dən belə hər arzuya nakam qaldı.
Dilənir bir sırası, bir sırası hambaldı,
Ödəmir qarnını alnından axan tər kişinin
Şübhəsiz Azərbaycanlı Kələntər kişinin.

Muğanın dayçası tək addımını dala atır,
Tutatutdur tutulursa, batabatdırsa batır.
Qızı qıznan yaşayır, oğlu da oğlanla yatır,
Belədir kəl kimi övladları əntər kişinin
Yoxsa,Türkün məsəl, öz ibnəsi var şər kişinin.

Cibi pulsuz, əli boş daxil olarsa otağa,
Canını verdiyi övlad çövürər dal Ətağa!
Bu kişiylə halal övrət belə girməz yatağa,
Belədir aqibəti bizdə kasıb hər kişinin
Muxtarın, Mirzə Hüseynin, Məşə Səftər kişinin.

Deyəsən qeyrətə illərnən hələm gəlməyəcək,
Əcəba bizdə kişi bir də ələ gəlməyəcək?!.
Əlini üz ətəyindən əmələ gəlməyəcək,
Bu kişi çün ki, əlindən keçib Heydər kişinin
Bəli, bəli – həmən Heydər, ulu öndər kişinin!

Nə qədər torpağı sovruldu elindən getdi,
Unudub Allahını zikri dilindən getdi.
Kişi idi, adı ta onda əlindən getdi;
Getdi ardıyca o gün ki,Isa Qəmbər kişinin
Gül olub gül iyi vermiş o gülənbər kişinin.

Kişinin halına, əhvalına çox yandı içim,
Kişi yandıqca, alışdıqca alovlandı içim.
Nə dedim mən ki, o, dərdin danışar başqa biçim,
Xəbər al halın özündən sinədəftər kişinin.
Qələmim yazdı ki, əhvalatını ər kişinin,
Halını tarix üçün saxlaya dəftər kişinin…

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir