Nə qədər ki…

Nə qədər ki,bu elin milləti tərpənməyəcək,
Başı üstən o yana zilləti tərpənməyəcək.

Tək tıxıb,verməyən ac xalqa o məmur kələnin,
Söyəcəksən belə lap qeyrəti tərpənməyəcək.

Bu məriz ölkədə hiddətli nə iş baş versə,
Öyrəşən millətin heç heyrəti tərpənməyəcək.

Nə qədər ki,açacaq bud-yaxasın qızlarımız,
Xədim olmuş gədənin şəhvəti tərpənməyəcək.

Vay o gündən ki,evə cibləri boş gəldi Kərim,
Təşnələb çay diləsə,külfəti tərpənməyəcək.

Dözməyib bəlkə də tərpəndi uşaq biçarə,
Üzünə əyri baxan övrəti tərpənməyəcək.

Verərəm,uf,demədən canımı haqq uğrunda,
Sanma haqqdan doğanın fitrəti tərpənməyəcək.

Dili yanmış o təhər kəslərə yoxdur inamım,
Ki,deyirlər bu elin cürəti tərpənməyəcək.

Hakimiyyətləri alt-üst eləmiş üsyanlar,
Fani dünyada kimin dövləti tərpənməyəcək?!

 5,165 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir