Səngərin gülü bitmədi…

Gözəl, dur, çıx görüşünə,
Qapına bir qərib gəlib.
Səngərin gülü bitmədi,
Gülləsini dərib gəlib.

Baxma ki, əli soyuyub,
Ağır yol gəlib, uyuşub.
Köynəyini qanla yuyub,
Sinəsinə sərib gəlib.

Gözlərinə dolub getdi,
Məhəbbətin olub getdi.
Ürəyini alıb getdi,
Həyatını verib gəlib.

Vaxt yetdi, ara yaylığı,
Qoyubsan hara yaylığı?..
Dur bağla qara yaylığı,
Elçilərin durub gəlib.

Saxla ürək sözlərini,
Torpağa qoy dizlərini.
Öp doyunca gözlərini,
Qarabağı görüb gəlib!

 7,336 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir