Siyasət əlindən qaça bilmirəm!

Siyasət əlindən qaça bilmirəm,
Muğanda siyasət, Mildə siyasət.
Biznesmen biryeli siyasət satır,
Hambal da gəzdirir beldə siyasət.

 

Siyasi doğulan ölür siyasi,
Gedənlər təzədən gəlir siyasi.
Gözəl də üzümə gülür siyasi,
Dodaqda siyasət, dildə siyasət.

 

Xalqın qazanında siyasət bişir,
“Bəxt loto”alıram siyasət düşür.
Barmaq hədələyir, diz torpaq deşir,
Ayaqda siyasət, əldə siyasət.

 

Ata siyasətlə oğul saxlayır,
Ana siyasətlə qızın yoxlayır.
Qızı siyasətlə könül oxlayır,
Vərdişə çevrilib eldə siyasət.

 

Siyasi söhbətlər gedir iş günü,
Siyasət yaradır hər ilişgini.
Bu “gəliş”günüdü, bu “gediş”günü,
On bir ay bayramdı ildə siyasət.

 

Tofiq, nə əlsiz qal, nə düş əllərə,
Tofiq, dilsiz qal, nə düş dillərə.
Tofiq, nə evdə qal, nə düş çöllərə,
Ev də siyasətdir, çöl də siyasət.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir