Torpaqdan yoğrulub sevən ürəyim,
Ondan torpaq qədər məhəbbət istə.
Qanımla suvarıb öz torpağımı,
Vətən göyərtmişəm torpağım üstə.
Sənə də sevgimi açammazdım heç,
Bu sevda başımda dolanmasaydı.
Bəlkə də sevməyi bacarmazdım heç,
Anam bu torpaqdan yaranmsaydı.
Torpaq ürəyimi məhəbbət etdim,
Torpaq məhəbbəti qazanmaq üçün.
Sən soyuq bildiyin torpağa bir gün,
Köçüb gedəciyəm qızınmaq üçün.
Torpaq həsrətiylə saralır yarpaq,
Sən də bu torpağı yarpaq qədər sev.
Xanım, əyər məni sevmək istəsən,
Çəkinmə, bir ovuc torpaq qədər sev.