Hələ ki, şeirini bitirməmişəm…

Dedim bir şeirlə bitər bu sevgi,
Son sözə gətirə bilmədim səni.
Əl etdin, qəlbimə götürüb getdim,
Qəlbimdən götürə bilmədim səni.

 

Mələk tək şəklini göylərə çəkdim,
Gözümün yuxusu ərşə çəkildi.
Sənə dək çoxuna mələk demişdim,
Yox olub çoxusu ərşə çəkildi.

 

Bu şirin sevgidən doya bilmədim,
Dişimin dibində qaldı bu sevgi.
Saldı ürəyimdən sevdiklərimi,
Səni ürəyimə saldı bu sevgi.

 

Bu da bir şeirlik sevgidir elə,
Köhnə adətimi itirməmişəm.
Çiçək qız, sadəcə sənin şeirini,
Hələ tamamlayıb bitirməmişəm.

 5,940 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir