Uzun saçlarına əlim çatmayır,
O qədər kiçilib xırdalanmışam.
Ürəyim bulanır, başım hərlənir,
Deyəsən başına çox dolanmışam.
Sussaq-bəlkə özü səadət dinə;
Bu eşqin baxtı nə, səadəti nə…
Mən sənin baxtına, səadətinə,
Qara ləkə salan ağ yalanmışam.
Sənə əyilmədim, sözə əyildim,
Söz olub, səninçün hər gün deyildim.
Səni sevənəcən tənha deyildim,
Səni sevən gündən tənhalanmışam.