Deyilməyən təbrik…

Borcum ödənilməz bir şeir ilə,
Köynəyimi yuyan əlinə qurban.
Şərəfsiz dünyada şərəflə keçən,
Ömrünün qırx yeddi ilinə qurban.

Qızlar gəzmək üçün çölə çıxanda,
Evdə sənin işin ibadət olub.
Yüz şeir sevgidən yazmışıq,amma,
Bacıdan bir şeir qəbahət olub…

Ocağın qalandı ata evində,
Evlərin oduna yanası oldun.
Bacı balasına xaladan artıq,
Qardaş balasının anası oldun.

Biri zəng vurmadı, biri unutdu,
Bu doğum günündə biraz ağladın.
Bacım,sonda gülən sən olacaqsan,
Sən Allaha görə hicab bağladın.

Qıçın axsamağı qüsur sayılmaz,
Qismətin bu kiçik günahından keç.
Başım uca olub adınla,çün ki,
Namusun, vicdanın axsamayıb heç.

Qalxdı təqaüdün qırx üç manata,
Belə nazirliyin tutasan yasın!
Sənə bu dövlətdə təqaüd yazan,
Kimdirsə – boyunu yer oğurlasın!

Atdıq kasıblığın daşını bu gün;
Süfrəyə qoyulan aşın mübarək.
Heç zaman yaşını gizlətməmisən,
Odur ki, qırx yeddi yaşın mübarək!

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir