Getdi ! ! !

Sallanmağa xol tapdıq,
Əldən ki, budaq getdi.
Gizlənməyə kol tapdıq,
Ev getdi, ocaq getdi.

 

Hökm altda büzüşdük biz,
Əldən-ələ düşdük biz.
Hər yolda sürüşdük biz,
Qıç getdi, balaq getdi.

 

Küsdük barışıqlarla,
Çaşdıq qarışıqlarla.
Boş-boş danışıqlarla,
Dil getdi, dodaq getdi.

 

Xalq tər töküb əlləşdi,
Rüzgarı gözəlləşdi.
Torpaqlar özəlləşdi,
Çay getdi, bulaq getdi.

 

Qalxdıq ayağa, onda,
Qalxdı düyü də, un da.
Asudəlik uğrunda,
Qaz getdi, çıraq getdi.

 

Qaldı gözümüz ətdə,
Qəhr olduq itaətdə.
Baxdım bu gedagetdə,
Baş qaldı, papaq getdi.

 

Millət zay olub gördüm,
Ahı yayılıb gördüm.
Bir də ayılıb gördüm,
Dağlıq Qarabağ getdi.

 

Tofiq,bizə qəm düşdü,
Dərd düşdü, ələm düşdü.
Bir yana qələm düşdü,
Bir yana varaq getdi.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir