Hamımız eyni gündəyik…

Rahat ürəkdən olmusan-sağlam ürəkdən olmuşam,
Sən də çörəkdən olmusan, mən də çörəkdən olmuşam.
Gündə mənim günümdəsən-gündə sənin günündəyəm,
Sən də mənim günümdəsən, mən də sənin günündəyəm.

 

Nə var sənin şəkər pulun, nə var mənim çörək pulum,
Sənin də bağlanıb yolun, mənim də bağlıdır yolum.
Qəpiklə sən avara qal, quruşla mən zəlil olum,
Arzu-diləklərin gedib, arzu-diləkdən olmuşam.
Sən də çörəkdən olmusan, mən də çörəkdən olmuşam.
Sən də əyər tamarzısan qəndə, sənin günündəyəm,
Sən də mənim günümdəsən, mən də sənin günündəyəm.

 

Yoğunlar hardan anlaya-ürək də anlamır bizi?!.
Kasıblığı günah yazır-mələk də anlamır bizi.
Bu çarx nə səmtə fırlanır-fələk də anlamır bizi?!.
Orda aşıb dayaqların, burda dirəkdən olmuşam,
Sən də çörəkdən olmusan, mən də çörəkdən olmuşam.
Ey toyuğa mələr qalan bəndə, sənin günündəyəm,
Sən də mənim günümdəsən, mən də sənin günündəyəm.

 

Məyər bu qara rəngimi görüb belə qaralmısan?..
Yağ həsrətiylə yağ kimi əcəb solub-saralmısan.
Gedib o boyda dağların, nə diklərə sarılmısan?!
Ətdi xörəkdən olmusan, yağlı xörəkdən olmuşam,
Sən də çörəkdən olmusan, mən də çörəkdən olmuşam.
Çadırda zay olur günün, tində sənin günündəyəm,
Sən də mənim günümdəsən, mən də sənin günündəyəm.

 

Meyl elədin YAP-a, fəqət biraz həyat yapammadın,
Nə mən manat qamarladım, nə sən quruş qapammadın.
Özün kimi zəlil tapıb təsəlli heç tapammadın,
Allaha çatmayır əlin, mən də ətəkdən olmuşam,
Sən də çörəkdən olmusan, mən də çörəkdən olmuşam.
Gündə əyər bu gündəsən, gündə sənin günündəyəm,
Sən də mənim günümdəsən, mən də sənin günündəyəm.
Qonşu,dözümlüdür bu xalq, bax mənə sən də mürgülə,
Gündə günün bu gündüsə, gündə sənin günündəyəm,
Sən də mənim günümdəsən, mən də sənin günündəyəm!

 5,662 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir