Internetdə…

Hacı, oğlum itiribdir başı internetdə,
Dolaşır dostu, yarı, yoldaşı internetdə.

Gəzişib odnoklasnikdə tapır zemaları,
Oxuyur gah facebookda qəliz temaları.
Səsləyir dostluğa gey Seva, trans Emaları,
Tapıb öz doğmaların bu, naşı internetdə.

Azıb öz səmtini, ürcah olunub tərs izə bu,
Qısılıb bir otağa süfrədə dəymir gözə bu.
Hələ ki, təzə qoyubdur qədəm on səkkizə bu,
Belə getsə olacaq qırx yaşı internetdə.

Qalmışıq il boyu həsrət gədənin üz-gözünə,
Anası zikkə vura-göz belə qırpmaz sözünə.
Gəzirəm-harda görən qəsd eləyibdir özünə,
Tapıram axırı bu oğraşı internetdə.

Elədim şükri-qazandım bu qapaqapda bunu,
Arzum oldu – böyüyəndə görərəm YAP da bunu.
San ki, doğmuş elə yazıq anası “WAP”- da bunu,
Əkmişəm mən də elə külbaşı internetdə.

Mən dedim, ingilisi öyrənib, əlbət başı var,
Deyən olmaz ona əsla gözü üstə qaşı var.
O biri tifli – cüvəllağın hələ on yaşı var,
Onu da qeyd eləyib qardaşı internetdə.
O qədər burda gəzişsin ki, haci, sonda görüm,
Başı üçün tapıb əlhəd daşı internetdə.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir