Qapaz!

Dəyir hey başımıza, vermədən heç arə,qapaz,
Ki, edə biz kimi biçarələrə çarə qapaz.

 

Bakıda Rozalar iş tapdı, Xəlillər qaldı,
Metro ağzında neçə cannı zəlillər qaldı.
Qarabağ getdisə, fikr etmə əlillər qaldı,
Qolu yoxdur, qıçı yox vur belə bimarə qapaz.

 

Kordu təhsilli balam görmək üçün”eynəyi”yox,
Yaşı ötmüş otuzu, gör nəyi var,gör nəyi yox…
Sevilib-sevməyə biçarəmin heç köynəyi yox,
Acığından elə bulvarda vurur yarə qapaz.

 

Şeyximiz vərdiş edib eyləyə zikr Allaha,
Ona kim fikr verər-verməsə fikr Allaha?!.
Qızımız milliləşibdir daha-şükr Allaha,
Kamana yumruq atır, saza təpik,tarə qapaz.

 

Yenə “xalq şairi”tərif döşüyür “Bülbülünə”,
Oduna yanmadıq, amma ki, bulaşdıq külünə.
Yetmiş ildir ki, qoyub bülbülü həsrət gülünə,
Bu gedişnən nə qədər gül vuracaq xarə qapaz?!.

 

Tofiq,ölmək dəmidir, ruzi üçün tökmə təri,
Pis günün ömrü uzun, zənn eləmə dərd ötəri…
Gedirik seçkilərə yağlı qapazdan ötəri,
Milli Məclisdə vurur Pirvəli Muxtarə qapaz.
Eləyib başımızın ortasını yarə qapaz.
Qalasan kaş səni başdan ötər avarə, QAPAZ!!!

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir