Söhbətül – Tərəvəz

Badımcan:
Kasıbın,yoxsulun hər dərdinin illacı mənəm,
Bilir hamı-tərəvəz aləminin tacı mənəm.
Dolmada,Sirkədə,Sırdaqda bilinməkdə dadım,
Bircə dərdim var,o da,təkcə-BADIMCANdır adım.
Qarnıma dolma qoyub Hacı,verər ehsanı,
Bənzədərlər mənə məndən də betər insanı.
Nəfsi-insana ki,mən bir belə ləzzət çəkirəm,
Belə insanla adaşlıqda xəcalət çəkirəm.


Xiyar:
Sevməyən yox məni bu dünyada-çox bəxtiyaram,
Kökü saf,zatı təmiz bir Xiyar oğlu Xiyaram.
Hər necə ruzi olan süfrədə ləzzətli dadım,
Mənə də sən kimi gəl amma,xəcalətdir adım.
Məni bu adla xəcil etməz idi nadanlar,
Olmasaydı dəxi dünyada XİYAR insanlar.


Pamidor:
Bir gözəl nazəninəm aləmə düşmüş sorağım,
Çox utancaq qızam ondan qızarıb al yanağım.
Neyləyər dolmada,sırdağda Badımcan mənsiz?!
Heç tapılmaz Xiyarın dərdinə dərman mənsiz.
Mən olan yerdə görün ki,nə xəta eylədilər;
Pamidor tək gözələ almayanaq söylədilər.


Lobya:
Bahalaşdıqca-kasıblar mənə işdahla baxır,
Ala bilmir məni,dərddən çəkilən ahla baxır.
Bir zamanlar kasıbın təkcə pənahı mən idim,
Süfrəsində kasıbın Xan düyüsüylə tən idim.
Yoxsulun yox pulu,gəl bəllidir amma,dadıma,
Almayır pullu da ki,yaxşı yanaşmır adıma.


Soğan:
Mən olan yerdə söz olmaz Xaşına,Bozbaşına,
Büsbütün mətbəxi qərq eyləyərəm göz yaşına.
Məni ki,sevgililər ağzına işdahla salar,
Görüşəndə öpüşün dadına həsrətdə qalar.
Məni nuş eyləyən insan nə üçün göynəməsin?!
Yeməmişsənsə məni-onda için göynəməsin.

 5,362 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir