Yavaş atdı…

Ol gün ki, Hacı Həccdə şeitana daş atdı,
Bilməm nə düşündü, daşı amma yavaş atdı.

Tövbə eləyib Məşdi axır ki, Həcə getdi,
İlk növbədə əlbəttə ki, öz alverin etdi.
Bir daş götürüb ta Hacı şeytanə ki, yetdi,
Zənn eylədi şeytan ona göz vurdu, qaş atdı.
Çaşdı Hacı gəl daşı yavaşdan-yavaş atdı.

Şeytan neçə vaxtdır onu xəlvətcə güdürdü,
Məşdiylə minib aftobusa Həccə gedirdi.
Şeytanla qoyub hər şeyi, şeytanla götürdü,
Hətta gecə də yastığa birlikdə baş atdı,
Bir yastığa baş qoyduğuna daş yavaş atdı.

Bir sevgili-canan üçün hər səmtə varardı,
Nəfsin necə bəs saxlaya-ömrün ki, var ardı.
Həccdən ki, qabaq “əlli”ni xəlvətcə vurardı,
Həccdən sora şeytana qoşuldu “taraş”atdı,
Qurtum ilə imanə taraşdan yavaş atdı.

Şəp-şəp,qaloş atdıqca adamlar başın əydi,
Şəp-şəp üzünə, san ki,qaloş alnına dəydi.
Yalvardı *Minadən əkilib tezcə gedəydi,
And içdi ki, mən yox, onu qonşu Dadaş atdı,
Şəp-şəp Dadaşındı, qaloş isə Xudaş atdı.

Şeytan özünü, san ki, özün daşdı düşündü,
Əvvəlcə bu sevdadan əcəb yerdə daşındı.
Xalqın gözünə istədi atsın ki, daş indi,
Tər basdı bütün cismini, əndamıyaş atdı,
Gördükdə ki, iş yaşdı, yavaşdan-yavaş atdı.
Öldü özü, qəlbindəki şeytanı yaşatdı.

 2,089 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir